Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması
Azərbaycan Respublikası Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradıldı. Lakin dövlət müstəqilliyinin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Respublika rəhbərliyində siyasi cəhətdən təcrübəsiz, dövlət idarəçiliyi sahəsində heç bir qabiliyyət və səriştəsi olmayan, təsadüfi insanların təmsil olunması siyasi hakimiyyətdə qısa müddətdə dərin böhrana səbəb oldu. Siyasi hərc-mərclik və bir-birini əvəz edən intriqalar, qarşıdurmalar ciddi sosial-iqtisadi tənəzzülə və cəmiyyətin həyatında anarxiya meyllərinin yaranması və güclənməsinə yol açdı. Belə bir qeyri-sabit ictimai-siyasi şərait bir tərəfdən separat iddialarının baş qaldırmasına, ayrı-ayrı qaragüruhçu silahlı dəstələrin dövlətə qarşı hədələyici təzyiqlər göstərməsinə, digər tərəfdən isə erməni silahlı birləşmələrinin ölkə ərazilərini bir-birinin ardınca qəsb etməsinə imkan verdi.
Son dərəcə çətin bir şəraitdə, dövlət idarəetmə mexanizminin iflic vəziyyətə düşdüyü bir halda hər hansı bir dövlət strukturunun, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normal fəaliyyəti qeyri-mümkün idi. Dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsinin son həddə çatdığı bir vaxtda - 1993-cü ilin iyun ayında Azərbaycan xalqı öz müdrik seçimini etdi və hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı geriləmədən, ətalətdən xilas edərək sovet respublikaları sırasında qabaqcıl bir respublikaya çevirmiş dünya şöhrətli siyasi şəxsiyyət, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə çağırdı.
Xalqının ən çətin məqamında bu çağırışa ləyaqətli cavab olaraq respublika rəhbərliyinə qayıdan böyük öndər Heydər Əliyevin müdrik siyasi kursunun işığında Azərbaycan taleyinin ən sərt sınaqlarından keçərək, inkişaf və tərəqqi yoluna çıxdı. Məhz ulu öndərin sosial sahəyə davamlı diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb olmaqla, sosial müdafiə sistemində müsbət dəyişikliklərə yol açdı. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində də ciddi dönüşün yaranmasını, əmək və əhalinin sosial müdafiəsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini şərtləndirdi.
Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə qarşısında yeni tərəqqi mərhələsi açdı.Dövlət başçısının düzgün düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan inkişaf dinamikasına görə dünyanın lider ölkəsinə çevrilmişdir. Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.
Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən sosial siyasətinin yüksək səviyyədə icrasına, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.