Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi haqqında
Xarici İşlər Nazirliyinin fəaliyyəti
Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunları, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər kabinetinin fərman və sərəncamları, Azərbaycan Respublikasının milli təhlükəsizlik və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası, ölkəmizin milli maraqları və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti həyata keçirilir.
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, diplomatik vasitələrlə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, müasir dövrün çağırışlarının çevik və effektiv şəkildə cavablandırılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, dövlət qurumlarının xarici fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq səviyyədə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının qorunması və təmin edilməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr, beynəlxalq sülh və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə, mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə töhfə verilməsi və beynəlxalq humanitar layihələrin dəstəklənməsi təşkil edir.