Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəi Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Həmin Fərmanla Nazirliyin strukturu və onun strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyinin, Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin və Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin də Əsasnamələri təsdiq edilmişdir.
Maliyyə Nazirliyinin Əsasnaməsinə uyğun olaraq Nazirliyin aparatı və Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti, Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti, Nazirliyin yerli bölmələri və tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin sisteminə daxildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 aprel tarixli 55 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq olunmuşdiur. Həmin qurumlar aşağıdakılardır: Maliyyə Elm-Tədris Mərkəzi, Məlumat-Hesablama Mərkəzi və “Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti daxildir.