Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əlaqələri
Silahlı Qüvvələrin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda hərbi əməkdaşlığın genişləndirilməsindən və bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrinin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir. Bu məqsədlə aşağıdakı istiqamətlərdə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulmuşdur:
Hərbi sahədə xarici siyasət fəaliyyətinin konseptual istiqamətlərinin işlənib hazırlanması və bu sahədə fəaliyyəti tənzimləyən mövcud hüquqi-normativ sənədlərin təkmilləşdirilməsi;
Hərbi sahədə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlığın Əməliyyat Planı (İPAP), Planlaşdırma və Analiz Prosesi (PAP) və Fərdi Tərəfdaşlıq Planı (İPP) proqramlarından irəli gələn öhdəlik və məqsədlərin yerinə yetirilməsi;
NATO və tərəfdaş ölkələrlə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi;
MDB ölkələri ilə hərbi sahədə qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi;
Ərəb, Yaxın Şərq və Şərq ölkələri ilə hərbi əlaqələrin normativ-hüquqi bazasının yaradılması və əməkdaşlığın inkişaf etdirilməsi;
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə digər dövlətlər və hərbi siyasi qurumlar arasında bağlanmış müqavilə, saziş, memorandum və protokollardan irəli gələn məqsədlərin həyata keçirilməsi.