Başı aşağı, teli yuxarı vəziyyətdə dombalaq aşa-aşa Tarixi-Nadiri ən azı yarısına qədər oxuyarsınız? Bəs, qır atın belində Ağsu aşırımından sürət yığıb dənizkənarı parkdan elə sıçraya bilərsinizmi ki, Xəzərin o tayında yerə enəsiniz? Düzü, bunları biz də bacarmırıq... Əvəzində "Maxmedia" Reklam Agentliyi bir çox başqa işlərin öhdəsindən asanlıqla gəlir. Zarafat deyil - 2005-ci ildən bəri (bəzilərimiz üçünsə hələ bundan da əvvəl) işimizin-peşəmizin adı "reklam yapmaqdır".
İşdi-şayəd, kreativ təfəkkür burulğanının dərinliklərindən bir şey tapıb ortalığa çıxara bilsəniz, tapdığınıza başqa reklam məhsullarının arasında mütləq yer rahlamalısınız. Necə? Açığı, belə qəliz-qəliz sualların cavabını yalnız "Maxmedia" Reklam Agentliyinin media-şöbəsinin çoxbilmiş əməkdaşları bilirlər...
Yaratdığınızı bəyəndirməyin ta ata-babadan qalmış üsulu var: ya gərək təklif etdiyinizin dadına baxıla ya da məhsulunuzun böyür-başına bir-iki əlavə qoşub paylayasınız camaata. Bir sözlə, "Maxmedia" Reklam Agentliyi satışın stimullaşdırılması və istehlakçıların həvəsləndirilməsi ilə bağlı, eləcə də müxtəlif kütləvi və korporativ tədbirlərin keçirilməsinə dair arzularınızı gerçəkləşdirməyə hazırdır.
"Yarat! Ağın çıxartma!" – budur agentliyimizin yaradıcı qrupunun əldə rəhbər tutduğu əsas prinsip. Qalan şeylər də ki, öz yerində: müştəri tapşırığını, layihənin marketinq və kommunikasiya məqsədlərini əzbərləyirik, təxəyyülümüzü qoşan qurğunun düyməsini basıb atırıq özümüzü ideyalar burulğanının ağuşuna...