Masallı Rayon İcra Hakimiyyəti xəritədə

Masallı Rayon İcra Hakimiyyəti

Qarabağ küçəsi, Masallı, 20 AZ4400 *** 0 səs

Masallı Rayon İcra Hakimiyyəti haqqında

Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı – Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.

Masallı rayonunun tarixi

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır."Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb.

Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.

Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.