Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.Fond kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin həyata keçirilməsini təmin edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və bu Nizamnaməni rəhbər tutur. Fond öz fəaliyyətində müstəqildir, bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli, xarici və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
Fond öz fəaliyyətini qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.Fond tərəfindən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsi beynəlxalq təşkilatlar da daxil olmaqla, digər şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə yardım göstərilməsini məhdudlaşdırmır. Fond müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.