Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmaş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır.
Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.