Nizami adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.İnstitut 1932-ci ildə yaranmışdır. 1930-cu illərdə o, SSRİ EA-nın Azərbaycan filialına daxil idi. 1945-ci ildə Azərbaycan SSR EA yaradıldıqdan sonra Ədəbiyyat İnstitutu onun tərkibinə daxil oldu. 40-cı illərin sonunda o, Dilçilik İnstitutu ilə birləşdirilmişdir. 1969-cu ildən İnstitut Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu adı altında fəaliyyət göstərir.
İnsititut 1932-ci ilin yanvar ayından Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu tərkibində Ədəbiyyat sektoru kimi fəaliyyət göstərmiş, Azərbaycan MİK-in 10 iyul 1933-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundan ayrılaraq Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnsititutu tərkibində 1933-cü il sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Həmin İnsititutun əsas təşkilatçısı və ilk direktoru prof.V.M.Xuluflu (1894-1938) olmuşdur. İnsititutda ədəbiyyat problemləri ilə folklor şöbəsi (müdiri Hənəfi Zeynallı) və yazılı Azərbaycan ədəbiyyatı şöbəsi (müdiri Əli Nazim) məşğul olmuşdur. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda Dil və Ədəbiyyat İnstitutu kimi onun tərkibində olmuş, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutu olaraq fəaliyyət göstərmişdir.
İnstitut öz tarixinin müxtəlif dövrlərində zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi ilə də məşğul olmuş və bütün hallarda bu qurumun strukturu həmin problemlərin həllinə imkan verən bir şəkildə müəyyənləşdirilmişdir.Əvvələr İnstitutun əsas strukturu Azərbaycan ədəbiyyatının tarixinin, nəzəriyyəsinin, folklorun, ədəbi abidələrin tədqiqinə imkan verən «Ədəbiyyat tarixi», «Ədəbiyyat nəzəriyyəsi», «Folklor» və «Mətinşünaslıq» şöbələrini əhatə edən akademik qurumlardan ibarət olmuşdur. Bununla yanaşı, müxtəlif dövrlərdə zamanın tələbindən doğan şöbələr; məsələn, türk xalqlarının ümumi abidələrini, ədəbi-mədəni məsələlərini tədqiq edən «Ortaq türk ədəbiyyatı» və s. şöbələr fəaliiyyət göstərmişdir.
İnstitut alimlərinin əsərləri tez-tez xarici ölkələrdə (İran, Türkiyə və s.) çap olunur, həmçinin xarici alimlərin əsərləri nəşr üçün İnstituta göndərilir. Eyni zamanda İnstitutun əməkdaşları xaricdə keçirilən beynəlxalq simpoziumların, regional elmi konfransların təşkilində və işində fəal iştirak edirlər. Xarici alimlər də İnstitutda keçirilən elmi simpozium və konfranslarda («Fizuli-500», «Kitabi-Dədə Qorqud-1300», «Azərbaycan mühacirət ədəbiyyatı» və s.) iştirak etmişlər. MDB ölkələri, Polşa, Almaniya, Yuqoslaviya, Bolqarıstan, Fransa, ABŞ, İngiltərə,Türkiyə, İran, İraq alimləri ilə elmi yaradıcılıq əlaqələri indi də müxtəlif istiqamətlərdə davam etdirilir.