SOCAR-ın Geofizika və Geologiya İdarəsi (GGİ) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli 340 nömrəli Fərmanı əsasında keçmiş Geofizika və Mühəndisi geologiya İB-nin bazasında yaradılmışdır.GGİ-nin tərkibində üç bölüm – “Kəşfiyyatgeofizika”, Mədəngeofizika” və “Kompleks Mühəndisi Axtarış” İstehsalat Bölümləri fəaliyyət göstərir. GGİ-nin İstehsalat Bölümləri Azərbaycanın quru ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda (eləcə də müqavilələr əsasında xarici ölkə ərazilərində) geofiziki kəşfiyyat və mədən, kompleks mühəndisi-geoloji (mühəndisi qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə), topogeodeziya və tematik tədqiqat işləri aparır.
GGİ-də aparılan işlərin əsas məqsədi neftli-qazlı rayonların geoloji quruluşunun öyrənilməsi, müxtəlif tipli struktur və qeyri-struktur tələlərin və perspektivli sahələrin dərin kəşfiyyat qazmasına hazırlanması, onların neft-qazlılığının proqnozu, yataqların geoloji kəsilişinin və məhsuldarlığının qiymətləndirilməsi, qazmada geoloji-texnoloji tədqiqatlar və lay sınayıcılarla işlər, ehtiyatların hesablanma parametrlərinin hazırlanması, neftli-qazlı obyektlərin perforasiyası, yataqların işlənməsinə geofiziki nəzarət, müxtəlif təyinatlı mühəndisi-geoloji tədqiqatlar, yeni metodika və texnologiyaların hazırlanmasından və s. ibarətdir. GGİ kəşfiyyat və mədən geofizikası, eləcə də mühəndisi-geologiya işlərini müasir səviyyədə yerinə yetirmək üçün qərb standartlarına uyğun cihaz və avadanlıqlarla, müvafiq emal və interpretasiya proqramları ilə təchiz olunmuş və yüksək ixtisaslı kadr potensialına malikdir. .