Yasamal rayon icra hakimiyyəti öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurur.Yasamal rayon icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədilə yaradılan aparat, sahə inzibati ərazi dairələri və mərkəzi icra hakimiyyəti orqanlarının və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin rayon qurumları, habelə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” (bundan sonra “Əsasnamə” adlandırılacaq) ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər.
”Əsasnamə” ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Yasamal rayon icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.Yasamal rayon icra hakimiyyəti ərazinin sosial-iqtisadi inkşafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu, mənzil-kommunal təsərrüfatı və abadlaşdırma, ətraf mühitdən istifadə, təmir-tikinti, memarlıq və şəhərsalma, təhsil və mədəniyyət, uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idmanın inkşafı, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, dövlət əmlakının idarə edilməsi sahələrində bir sıra vəzifələri və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri icra edir.
Yasamal rayon icra hakimiyyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutur.