Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun inzibati ərazisi 24,5 kv.km., əhalisi isə 01.01.2013-cu il tarixə rəsmi qeydiyyatda 170.300 nəfərdir.
1959-cu ilin dekabr ayında Dzerjinski rayonu ləğv edilmiş və onun ərazisi 1960-cı ilin yanvar ayından Nərimanov rayonuna daxil edilmişdir. 27 avqust 1957-ci ildən 6 oktyabr 1977-ci ilədək Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən Nərimanov rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində Nərimanov Rayon İcra Hakimiyyəti yaradılmış və bu adla 20 noyabr 1991-ci ildən fəaliyyət göstərir.Nərimanov rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.
Nərimanov Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına müvafiq olaraq həyata keçirir.Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06.09.1993-cü il tarixli, 1751 saylı Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısının Kabineti fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 9-cu maddəsinə uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03.08.1999-cu il tarixli, 594 saylı Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir.
İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamları verilir. Hazırda Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibi 10 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, birinci müavini və 2 müavini, Rayon Maliyyə İdarəsinin rəisi, 3 nəfər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 2 nəfər iri, qabacıl sənaye müəssisələrinin rəhbərləri Şuranın heyətindədirlər. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.