Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. Bu günə gəlib çatan bir sıra dünya, eləcə də ölkə əhəmiyyətli tarixi abidələr ərazidə vaxtilə yaşayış məskənlərinin salındığını sübut edir. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, yaşı eramızdan əvvəl hesablanan kurqanlar, qəbirstanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiq edir. Təkcə Qala tarix-etnoqrafiya qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam vardır. Havasında 9 iqlim qurşağını birləşdirən, Abşeron yarımadasının səfalı guşəsində yerləşən Xəzər rayonu neft rayonu kimi də tanınır.
2010-cu il may ayının 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə və əhalinin çoxsaylı xahişləri nəzərə alınaraq Əzizbəyov rayonu Xəzər rayonu adlandırılmışdır . 2012-ci ilin dekabr ayının 12-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə tərkibi Pirallahı,Çilov və Neft daşları olmaqla Pirallahı rayonu yaradılmışdır. Xəzər rayonun ərazisi 375.5 kv km, əhalisinin sayı son statistik məlumata görə 159 min 90 nəfərdir. Xəzər rayonu Sabunçu, Suraxanı və Pirallahı rayonları ilə həmsərhəddir. Xəzər rayonunda 2 seçki dairəsi (13 saylı Xəzər-Pirallahı ,14 saylı Xəzər ) fəaliyyət göstərir.