Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.
Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 9-cu maddəsinə uyğun olaraq Xətai rayon İcra Hakimiyyəti Başçısının 25.05.2012-ci il tarixli 130 saylı sərəncamı ilə İcra Hakimiyyəti Başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır.
Şuranın iclaslarında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir.Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər. Hazırda Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın tərkibi 9 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, birinci müavini və 2 müavini, 1 RİH BA-nın Şöbə müdiri, 3 nəfər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 1 nəfər iri, qabacıl sənaye müəssisəsinin rəhbəri Şuranın heyətindədirlər. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.
Xətai rayonu ərazisində 33 saylı Xətai Birinci Seçki Dairəsi (34 məntəqə), 34 saylı Xətai İkinci Seçki Dairəsi (33 məntəqə), 35 saylı Xətai Üçüncü Seçki Dairəsi (26 məntəqə), 36 saylı Xətai Dördüncü Seçki Dairəsi (31 məntəqə) fəaliyyət göstərir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədi ilə Xətai rayonu ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirilib Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.