Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır. Ərazisi 169,38 kv.km, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir.Rayon ərazisində yaşayan daimi əhalinin sayı 254 500, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.
Rayonun inzibati ərazisində 5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May qəsəbələri (Qəsəbə inzibati ərazi dairələri), 4 mikrorayon ( 6, 7, 8 və 9 mikrorayonlar), eyni zamanda 7 və 8-ci mikrorayon, Dərnəgül yaşayış sahəsi ərazi hüdudlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayon ərazi hüdudlarını əhatə edən 2 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD) mövcuddur.
Rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. 1 və 2 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD) və Dərnəgül yaşayış sahəsinin hüdudlarını əhatə edən Binəqədi bələdiyyəsi, Rəsulzadə qəsəbəsinin hüdudlarını əhatə edən Rəsulzadə bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edən Biləcəri bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüdudlarını əhatə edən Binəqədi qəsəbə bələdiyyəsi, Xocəsən, Sulu-təpə, və 28 May qəsəbəsinin hüdudlarını əhatə edən Xocasən bələdiyyəsi fəaliyyət göstərir.