Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi xəritədə

Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi

Bakı, Nəsimi rayonu, Xaqani küçəsi, 45A AZ1010 *** 4 səs

Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi haqqında

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyası tərkibində olduğu zamanlar yaranıb. XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə 60 milyon manat kapital qoymuşdular. 1904-cü ildə İngiltərə ağ neftə olan tələbatının 47%-ni Bakının hesabına ödəyib. Azərbaycanda Krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün ilk lisenziyanı "Gikkers limited" ingilis şirkəti alıb.Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. Krallığın Rusiyadakı səfiri həm də Azərbaycanın səfiri təyin olunub və etimadnaməsini 1992-ci ilin iyulunda Azərbaycan Prezidentinə təqdim edib. Londonda Azərbaycan səfirliyi isə 1994-cü ildən fəaliyyət göstərir.

İkitərəfli siyasi münasibətlər

1993-cü ildə Heydər Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Heydər Əliyev Britaniyanın Azərbaycanda daimi səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, həmin məsələ ilə də bağlı ingilis diplomatına məlumat verib. Səfir Tomas Yanq Heydər Əliyevə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını bildirib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib. Bir gün sonra isə BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub.

İqtisadi münasibətlər

Böyük Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir. Azərbaycanda 100-dən çox Britaniya firması fəaliyyət göstərir. 1994-cü il fevral səfəri çərçivəsində Heydər Əliyev "Britiş Petroleum" şirkətinin prezidenti ilə görüşü zamanı bu nüfuzlu qərb şirkəti ilə sıx əlaqələrin yaradılmasına tərəfdar olduğunu, bu əlaqələrin Azərbaycanın neft sənayesinə, eləcə də respublikada sosial sahələrin əsaslı surətdə inkişafına müsbət təsir göstərəcəyini bildirib. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin - Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi üçün "BP" şirkətinin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

Mədəni əlaqələr

Prezident Heydər Əliyev və Böyük Britaniyanın Baş naziri Con Meycor tərəfindən 23 fevral 1994-cü ildə imzalanmış "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş" Britaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın hüquqi əsasını qoyub. Azərbaycan və Britaniya xalqları arasında təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafında tarixi əhəmiyyət daşıyan bu saziş imzalandığı gündən iki ölkə arasında qarşılıqlı anlaşmaya geniş zəmin yaradıb.Bundan sonra Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan British Council Azərbaycanda fəaliyyətini genişləndirib. Sazişin 14-cü maddəsinə əsasən British Council iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıqda Böyük Britaniya hökumətinin əsas vasitəçisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə British Council-ın səmərəli fəaliyyəti Heydər Əliyev və Birləşmiş Krallığın baş naziri Toni Bleyerin 1998-ci ilin iyulun 21-də imzaladıqları birgə bəyannamədə də qiymətləndirilib. Bəyannamənin 10-cu maddəsində qeyd olunmuşdur: "Hər iki lider British Council-in Azərbaycanda ingilis dilinin tədrisi, təhsil, elm, texnika və mədəniyyət sahələrini əhatə edən genişlənmiş fəaliyyətini xüsusilə bəyəndilər".