Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. 22 iyul 1998-ci ildə Norveç Krallığının Azərbaycanda səfirliyi açılıb. Ötən dövr ərzində Norveç və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və hüquq-müqavilə bazası yaradılıb. Norveç rəsmiləri dəfələrlə bəyan ediblər ki, Norveç Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir.
Norveçə məxsus neft şirkəti olan "Statoyl" 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"ndə pay alaraq Azərbaycan-Norveç iqtisadi münasibətlərinin əsasını qoyub. Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini Qunnar Möntinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti müqavilənin imzalanması mərasimində iştirak etmək üçün Bakıda olub. Bu müqavilədə "Statoyl" şirkəti 8,71% pay alıb. Şirkət 2 il sonra Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı sayılan "Şahdəniz"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində də 25,5% pay alaraq Azərbaycanla əməkdaşlığını daha da genişləndirib. 1998-ci ildə "Statoyl" şirkəti həmin sektorda yerləşən "Araz-Alov-Şərq" blokunun birgə işlənilməsində 15% paya sahib olub.
24-27 aprel 1996-cı ildə Heydər Əliyevin ilk rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında müstəsna əhəmiyyəti olan aşağıdakı sənədlər imzalanıb:1. "Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və kapitala görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya". Oslo, 24 aprel 1996 .2. "Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun (21 noyabr 1994-cü ildə Bakıda imzalanan) həyata keçirilməsinə dair Protokol".
1994-cü ildən Azərbaycanda əsas fəaliyyəti tarixi abidələrin, qədim alban kilsələrinin bərpasından ibarət olan Norveç humanitar müəssisəsi fəaliyyət göstərir. 11 noyabr 2006-cı il - 13 aprel 2007-ci il tarixlərində Norveçin Stavanqer şəhərində "Karvansaray. Azərbaycan - odlar yurdu" sərgisi keçirilib. 24 sentyabr 2007-ci il tarixində Azərbaycan və Norveç muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq sazişi imzalanıb.Azərbaycanın bir sıra müğənniləri Norveç xoru ilə birgə müxtəlif layihələr həyata keçiriblər.2007-ci ildə Gədəbəydə Norveç hökuməti tərəfindən orta məktəb inşa edilib. Norveçdə Norveç-Azərbaycan mədəni cəmiyyəti, Norveç Azərbaycanlılarının Gənclər Təşkilatı, Azərbaycan-Norveç ”Dostluq” cəmiyyəti fəaliyyət göstərir.