İsveçrə Azərbaycanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə yaradılmışdır.Berndəki səfirliyimiz 6 oktyabr 2004-cü ildə təsis olunmuşdur. İsveçrə 2001-ci ildə Bakıda iki ölkə arasında diplomatik münasibətlərə məsul olan Əməkdaşlıq bürosu açmış,2007-ci ildə səfirliyini təsis etmiş və səfirliyin rəsmi açılışı 2008-ci ilin mayında olmuşdur. Hazırda Azərbaycanın Isveçrədəki səfiri Əkrəm Zeynallıdır.İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Sabine Ulman Şabandır.
2000-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Davosda keçirilən beynəlxalq iqtisadi forumun işində iştirak etmişdir. Səfər zamanı Azərbaycan Prezidenti H. Əliyev İsveçrə Prezidenti A. Oqi və Federal Maliyyə Departamentinin rəhbəri (Maliyyə Naziri) K. Villiqerlə görüşmüş, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmişdir.27 oktyabr 2000-ci ildə İsveçrənin Azərbaycanda təyin edilmiş yeni səfiri Valter Feçer etimadnaməsini Prezident H. Əliyevə təqdim etmişdir.
2 oktyabr 2006-cı ildən Azərbaycan Milli Məclisində Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə İşçi qrupu fəaliyyət göstərir. 2 mart 2009-cu ildə İsveçrə Milli Şurasının (aşağı palatasının) iclasında İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir. Hal hazırda qrupun sədri Kantonlar Şurasının üzvü xanım Kristin. Egerszegi-Obristdir. Azərbaycan tərəfindən isə qrupun sədri xanım B.Muradovadır. 2003-cü ildə ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılmışdır. Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi İdarə heyətinin üzvü, səfir Erik Martindir. İndiyədək 5 iclası keçirimişdir.Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında 22 sənəd imzalanmışdır.