Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.
Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri Rusiya-Azərbaycan münasibətlərinin inkişafının sürətlənməsinə güclü təkan verib.Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.
Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf edir. 2003-cü ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə Saziş, 2006-cı il dekabrın 4-də isə – ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası Saziş imzalanıb.Qafqazda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər nəzərə alınmaqla, sərhədyanı əməkdaşlıq əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.
Azərbaycanla dövlət sərhədinin delimitasiyası istiqamətində iş davam etdirilir. 2008-ci il yanvarın 29-30-da Moskvada danışıqların 15-ci raundu keçirilib. İki dövlət arasında ümumi uzunluğu 336,5 km olan sərhədin işçi protokollarda əksini tapmış, xəritələrə və digər təsviri sənədlərə köçürülmüş hissəsinin uzunluğu 301,1 km-dir. Yəni, iki ölkə arasında sərhədin 90 %-i delimitasiya edilib.Rusiya Federasiyasının subyektləri Azərbaycan Respublikası ilə birbaşa əlaqələri inkişaf etdirirlər. Bakıda Dağıstan və Tatarıstanın, «Ural Ticarət Evi» QSC-nin, «Tatarıstan Ticarət Evi» MMC-nin, Rusiyanın regional hava yolları şirkətlərinin («Başqırdıstan hava yolları», «Perm hava yolları», «Pulkovo hava yolları», «Samara hava yolları», «Ural hava yolları» və s.) nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda Saratov Vilayəti Ticarət Evinin və Mordva Respublikası Ticarət Evinin təsis edilməsi imkanları nəzərdən keçirilir. Moskva və Moskva Vilayətinin, Dağıstan, Tatarıstan, Sankt-Peterburq, Həştərxan, Saratov və Serdlovsk vilayətlərinin və digər regionların Azərbaycanla əməkdaşlıq barədə sazişləri vardır.