Polşa və ya Polşa Respublikası Avropada dövlətdir. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda isə Baltik dənizi, Litva və Rusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.683 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır.
İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri təxminən bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa 1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu. Bu ittifaq yalnız 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Adolf Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikidən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada "Üçüncü Respublika" quruldu. Bu gün Avropa İttifaqının ən çox əhaliyə malik 6-cı ölkəsi olan Polşa 16 voyevodaliqdan ibarət liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür.
Polşa 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.Polşanın Azərbaycandakı səfirliyi 23 avqust 2001-ci ildə fəaliyyətə başlamışdır. 30 avqust 2004-cü ildə Azərbaycanın Polşada səfirliyi açılmışdır. Hazırda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovdur. Polşa Respublikasının Azərbaycandakı səfiri Mixal Labendadır.
2010-cu ildə Milli Məclisdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun sədri millət vəkili Səttar Möhbalıyev. 2012-ci ildə Polşa Parlamentində Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun sədri Malqojata Sadurskadır.2009-cu ildə Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.2006-ci ildə Hökumətlərarası birgə Komissiya yaradılmışdır.Azərbaycan Respublikası tərəfindən Komissiyanın həmsədri- sənaye və energetika naziri Natiq Əliyev, Polşa Respublikası tərəfindən həmsədr Baş nazirin müavini,iqtisadiyyat naziri Valdemar Pavlakdır. Komissiyanın indiyədək 4 iclası keçirilmişdir.Azərbaycan Respublikası və Polşa Respublikası arasında 38 sənəd imzalanmışdır.