Mərakeş tam rəsmi adı Mərakeş Krallığı - Afrika materikinin şimal-qərb hissəsində islam dövlətidir. Hal-hazırda Kral VI Məhəmməd Mərakeşin kralıdır.Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.
Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır.1992-ci ilin 25 avqust tarixində Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılmışdır.2006-cı ildən Azərbaycan Respublikasının Rabatda, 2009-cu ildən isə Mərakeş Krallığının Bakıda səfirlikləri fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyev 1994-cü ilin 13-15 dekabr tarixlərində Kasablankada keçirilən İslam Konfransı Təşkilatı Dövlət və Hökumət başçılarının 7-ci Zirvə görüşündə iştirak etmək məqsədilə Mərakeş Krallığına səfər etmişdir. Səfər çərçivəsində ümummilli lideri Heydər Əliyevlə Kral II Həsən arasında görüş keçirilmiş, Azərbaycan-Mərakeş əlaqələrinin inkişafı və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.2008-ci ilin 14 mart tarixində BMT-nin BA-nın 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə Mərakeş ölkəmizin mövqeyini dəstəkləmişdir.