Moldova Respublikası — Avropanın cənub-şərqində dövlətdir. Şimalda, şərqdə və cənubda Ukrayna, qərbdə Rumıniya ilə həmsərhəddir.1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldova Respublikasının nəzarətindədir.Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.
Azərbaycan və Moldova arasında diplomatik əlaqələr 29 may 1992-ci ildə qurulmuşdur.15 mart 2004-cü ildə Azərbaycanın Ukraynadakı Səfirliyinin Kişineudakı ofisi, 5 oktyabr 2005-ci ildə isə Azərbaycan Respublikasının Moldovadakı səfirliyi fəaliyyətə başlamışdır. 1 noyabr 2005-ci ildə Moldovanın Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Moldova Respublikasında səfiri Namiq Əliyevdir, Moldova Respublikasının ölkəmizdə səfiri İqor Bodiudur.8 aprel 2011-ci ildə Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rəbiyyət Aslanovadır.Moldova Parlamentində parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Violeta İvanovadır.Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında 53 ikitərəfli sənəd imzalanmışdır.