Çex Respublikası, Çexiya — Şərqi Avropada dövlətdir. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir.Ölkə tarixən 2 vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir[1]. Ölkənin paytaxtı Praqa şəhəridir.İkinci dünya müharibəsinin başa çatmasından sonra Sosialist blokuna qatılan Çexoslovakiya 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur.
Çexiya və Slovakiya Respublikası olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn Vatslav Klaus baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı.
Çexiya Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya Respublikası) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulmuşdur. 11 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın Çexiyada səfirliyinin təsis olunmasına dair qanun qəbul etmişdir. 15 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin açılış mərasimi olmuşdur. 10 sentyabr 2007-ci il tarixində Azərbaycanın Çexiyadakı Səfiri etimadnaməsini Çexiya Respublikasının Prezidentinə təqdim etmişdir.
1 dekabr 2009-cu ildə Azərbaycanda Çexiya Respublikasının Səfirliyi təsis edilmişdir. Radek Matula Çexiyanın Azərbaycandakı səfiridir. AR-in Çexiyadakı səfiri Tahir Tağızadədir.8 aprel 2011-ci il Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi təsdiq edilmişdir. Gülər Əhmədova qrupun rəhbəridir.19 iyul 2011-ci il tarixində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi (8 nəfər) müəyyənləşdirilmişdir. Qrupun sədri Yan Hamaçekdir.Azərbaycan ilə Çexiya Respublikası arasında 17 sənəd imzalanmışdır.