Braziliya və ya Braziliya Federativ Respublikası Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas.
26 dekabr 1991-ci ildə Braziliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 21 oktyabr 1993-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. 9 may 2012-ci ildə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təsis edilmişdir. 23 oktyabr 2013-cü ildə Luis Bento Fernandes Alkasar öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.
10 fevral 2012-ci ildə Elnur Sultanovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 2013-cü ilin yanvar ayının 23-də səfir E.Sultanov etimadnaməsini Braziliya Prezidenti xanım Dilma Russefə təqdim etmişdir.
2012-ci il tarixində AR Milli Məclisində Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun sədri İqbal Ağazadə, üzvləri isə Hacı Salayev, Leyla Abdullayeva, Musa Qasımlı, Musa Quliyev, Rəbiyyət Aslanova və Sahib Alıyevdir.4 sentyabr 2013-cü il tarixində Braziliya Parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır. Qrupun sədri Klaudio Kajado,
icraçı tərkibi isə Nelson Pelleqrino, Urzeni Roşa, Leonardo Qadelya, Jair Bolsonaro,Huqo Napoleaodur.28 may 2013-cü il tarixində Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin prezidenti deputat Nelson Pelleqrino və adıçəkilən komitənin üzvü, Deputatlar Palatasının müvəkkili, Braziliya-Azərbaycan Dostluq Qrupunun prezidenti K.Kajado ölkəmizə səfər etmişdir.