Azərbaycanla Avstriya arasında uzunmüddətli və davamlı münasibətlər olmasa da, iki dövlət arasında münasibətlər ilk dəfə XV əsrdə yaradılıb. Azərbaycanda qurulan Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Avstriya ilə münasibətlərin əsasını qoyub. Təəssüflər olsun ki, bundan sonra Azərbaycanla Avstriya arasında heç bir münasibət mövcud olmayıb. İki ölkə arasında fəal diplomatik münasibətlər yalnız 1992-ci ildə bərqərar edilib. Azərbaycan və Avstriya həm ikitərəfli münasibətlərdə, həm də Azərbaycan-Avropa Birliyi çərçivəsində fəal əməkdaşlıq edirlər.
Azərbaycanla Avstriya Respublikası arasında ikitərəfli siyasi münasibətlər 1992-ci ildə qurulub. Avstriya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 15-də tanıyıb. Diplomatik münasibətlər bundan sonra, 1992-ci il fevralın 20-də qurulub. Azərbaycanın Avstriyadakı səfirliyi 1995-ci il sentyabrın 1-də açılıb. Avstriyanın Azərbaycandakı səfirliyi isə 1998-ci ildə fəaliyyətə başlayıb və ilkin dövrdə Vyanada fəaliyyət göstərib, sonradan isə İstanbula köçürülüb. Avstriyanın dövlət rəsmiləri ilə Azərbaycan Prezidenti Heydər Əliyev arasında görüşlər 1995-ci ildən etibarən başlayıb. 10-12 mart, 1995-ci il tarixdə BMT-nin Danimarkada keçirilən zirvə görüşündə Heydər Əliyev Avstriyanın federal kansleri Frans Vranitski ilə görüşüb. Görüş zamanı Heydər Əliyev Vranitskiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə ətraflı məlumat verib. Görüş zamanı Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.
Avstriya-Azərbaycan münasibətlərində ən məhsuldar il isə 2000-ci il olub. 10 fevral 2000-ci il tarixində Heydər Əliyev Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haydemariya Gürerin etimadnaməsini qəbul edib. 18 iyul 2000-ci il tarixində isə Heydər Əliyev ATƏT-in o vaxtkı sədri, Avstriyanın xarici işlər naziri xanım Benito Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan Prezidenti ATƏT-in 1994, 1996 və 1999-cu ildə keçirilən zirvə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu, amma problemin hələ də öz həllini tapmadığını vurğulayıb. Dövlət başçısı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı barədə beynəlxalq hüquq normalarının pozulduğunu və ATƏT-in prinsiplərinin hələ də yerinə yetirilmədiyini qeyd edib.
Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən iqtisadiyyat, kənd təsərrüfatı, texnika və texnologiya sahələrini əhatə edir. İlham Əliyevin 10 avqust 2009-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. İki ölkə arasında enerji sahəsində böyük işlər görülür. Avstriya Avropa Birliyi tərəfindən dəstəklənən və Xəzər və Orta Asiya regionunun enerji ehtiyatlarının Avropa bazarına daşınması üçün irəli sürülən "Nabucco" layihəsinin həyata keçirilməsində əsas rol oynayan ölkələrdən biridir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ilin yanvar-iyul aylarında Azərbaycanla Avstriya arasında ticarətin dövriyyəsi 36,8 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan - Avstriya əlaqələrinin inkişafında Avstriyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri önəmli rol oynayır. Avstriyanın Vyana, Qrats, Zaltsburq, Lints şəhərlərində Azərbaycan - Avstriya dostluq cəmiyyətləri fəaliyyət göstərir. Dəfələrlə Azərbaycanın incəsənət xadimləri Avstriyada konsert veriblər. 2002 və 2005-ci illərdə Avstriyada Azərbaycan mədəniyyəti günləri keçirilib. Avstriyada Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyova heykəl qoyulub, onun müəllifi olduğu "Arşın mal alan" operettası Vyana teatrlarından birində avstriyalı artistlərin ifasında nümayiş etdirilib.
Avstriya ilə Azərbaycan bir sıra sahələrdə, xüsusilə də enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlıq edirlər. Avropa Birliyinin üzvü kimi Avstriya Azərbaycanla AB arasında münasibətlərin inkişafında vacib rol oynayır. Avstriya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həm ATƏT, həm BMT, həm də AB formatında öz səylərini göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatı ilə yanaşı, Azərbaycan və Avstriya ikitərəfli əlaqələri də yüksək səviyyədə inkişaf etdirə biliblər.