Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA – the European Law Students’ Association) dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin, 210 universitetindən olan 35,000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir.ELSA-nın Azərbaycanda təşəbbüs qrupunun əsası üç hüquq tələbəsi – Xanlar Ağalarov, Elşən Bayramov və Kamal Cəfərov tərəfindən 2010-ci ilin iyununda qoyulmuşdur. Elə həmin ayda təşəbbüs qrupu tərəfindən təşkil edilən prezentasyalardan aydın müşahidə olunurdu ki, hüquq tələbələrinin əksəriyyəti ELSA-nın Avropada təşkil olunmuş müxtəlif beynəlxalq tədbirlərində iştirak etməkdə, habelə bu təşkilatın digər üzvləri ilə möhkəm qarşılıqlı münasibətlər quraraq öz əlaqələrini genişləndirməkdə maraqlıdırlar.
Avropanın müxtəlif dövlətlərindən, universitetlərindən, mədəniyyətlərindən olan on minlərlə Hüquqşünas Tələbəni və Gənc Hüquqşünası özündə birləşdirməklə, Hüquqşünas Tələbələrin bütövlükdə dünyadakı ən böyük şəbəkəsidir. Təşkilatın yaradılmasında və hal-hazırki fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə, onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, Beynəlxalq Konfranslar, Təlimlər, Səhnələşdirilmiş Məhkəmə prosesləri keçirilməsi yolu ilə Hüquqşünas Tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.
42 Avropa dövlərindən olan Hüquqşünas Tələbələrin və Gənc Hüquqşünasların vahid bir şəbəkədə təşkilatdıraraq ELSA istər tələbə mübadiləsi həyata keçirməklə, təhsil səfərləri təşkil etməklə, istərsə də təcrübə proqramları təşkil etməklə Hüquqşünasların öz sahələrində daha professional formalaşması və təcrübə qazanması yolunda böyük köməklik göstərmiş olur. Eyni zamanda təşkilatın Beynəlxalq olması Hüquqşünaslara istər mədəni, istər elmi cəhətdən Avropaya inteqrasiya olmaq imkanı yaratmaqdadır.
Təşkilatın yaranma məqsədləri sadəcə sadaladığımız akademik xarakterli fəaliyyətlərdən ibarət deyildir, ELSA eyni zamanda, müxtəlif dövlət, din və irqlərdən olan Hüquqşünas Tələbələrin və Gənc Hüquqşünasların daimi dostluğunu yaratmağı qarşıya məqsəd qoymuşdur, fəaliyyət məqsədləri sırasında müxtəlif əyləncəli tədbirlər, partilər, gəzintilərin təşkili də əsas yer tutmaqdadır.