Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır. 2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.
Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli çoxprofilli Tədris Terapevtik Klinikanın 400 çarpayılıq 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya şöbəsində,eləcə də angioqrafiya,endoskopiya şöbələrində, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya ,fizioterapiya bölmələrində,klinik-diaqnostik laboratoriyada,efferent terapiya mərkəzində terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reablitasiyası aparılır.
Klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir angioqrafiya, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektomonoskopiya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya, hemosorbsiya, plazmafarez, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiya aparatları, eləcə də, klinik biokimyəvi, mikrobioloji (bakterioloji, mikoloji, virusoloji, parazitoloji), immunoloji, allerqoloji, hematoloji tədqiqatları, həmçinin genetik müayinələri (polimerazalı zəncirvari reaksiya, elektroforez, sekvenləşdirmə və s.) aparmaq üçün laborator avadanlıqlar quraşdırılmışdır.
Reanimasiya və İntensiv terapiya şöbəsi ən müasir avadanlıqlar, o cümlədən süni tənəffüs aparatları, defibrilyatorlarla təchiz olunmuşdur. Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir. Klinikada xəstələrin müayinə və müalicəsi ilə 20 tibb elmləri doktoru, 126 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.