Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bugün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə formalaşır. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi üzrə müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bu layihələr ölkənin təhsil sahəsində aparılan islahatların əsas hissələrindən biri olmaqla yanaşı, təhsil müəssisələrində İKT infrastrukturunun qurulması ilə nəticələnmişdir.
Müasir dövrdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı məsələsi xüsusi əhəmiyyətə malikdir. Həyata keçirilən tədbirlər nəticəsində ölkənin ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunub və təhsil sisteminin İKT əsasında qurulmasına diqqət artırılıb. Azərbaycan Respublikasının təhsil sisteminin bütün pillələrini əhatə edən vahid təhsil informasiya mühitinin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, bu sahəyə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsi və səmərəli istifadəsi, dövlət proqramlarının yüksək keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 iyun tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi yaradılıb.
Azərbaycan Respublikasının Prezidentinin 24 oktyabr 2013-ci il tarixli sərəncamıyla təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası”nın əsas prioritet məsələlərindən biri də beynəlxalq təcrübədən istifadə etməklə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqidir.