Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi haqqında
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
Azərbaycan Respublikasının Daxili İşlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir. Kollegiyanın sədri tutduğu vəzifəyə görə Daxili Işlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.