Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yaradılması Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə yaradılmışdır.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin məqsədi Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Baş İdarə birbaşa İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora tabedir.Şəxsin insan alverindən zərər çəkməsi ehtimal edildikdə, yaxud insan alveri ilə bağlı cinayətlərin törədilməsi və ya hazırlanması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dərhal məlumat verilməli, müvafiq sənədlər həmin quruma təqdim edilməli və zəruri kömək göstərilməlidir.