Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir.TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
TƏS-ə əsasən, AR ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.
AR ilə Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” AR və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.
1 yanvar 2007-ci il tarixindən etibarən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunmuşdur. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA 3 başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı.AQTA çərçivəsində 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiya Sənədi Aİ yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək prioritet olan əməkdaşlıq sahələrini dəqiqləşdirir. Bu prioritetlər Azərbaycanın bazar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə yardım, Fəaliyyət Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir.