B.Sərdarov adına Maşınqayırma Zavodu 1926-cı ildən fəaliyyət göstərir və SSRİ, uzaq və yaxın ölkələrin ehtiyacları üçün neft və qaz avadanlıqların başlıca istehsalçılarından idi. Zavod Binəqədi qəsəbəsi ərazisində yerləşir və zavodun əsas ərazisindən və avtomobil yolu ilə əsas ərazidən ayrılmış əlavə sahədən ibarətdir, bu sahə 1976-cı ildə zavodun sərəncamına verilmişdir. Hal-hazırda zavod «AZNEFTKİMMAŞ» Açıq Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan Respublikasının aparıcı neft maşınqayırma müəssisələrindən biridir. Zavod öz məhsullarını mütəmadi olaraq yaxın ölkələrə - Rusiyaya, Qazaxıstana, türkmənistana, Qırğızıstana, Özbəkistana, Moldovaya və Ukraynaya, eləcə də İran, Əlcəzair, Bolqarıstan, Vyetnam, Kuba, Suriya, Monqolustan və s. kimi uzaq ölkələrə ixrac edir.
Zavod döndərmə kranlarının, 25-40 ton yükqaldırma qabiliyyətli montaj qoşqu kranlarının, talblokların, kran-blokların, 15-50 ton yükqaldırma qabiliyyətli istismar qarmaqlarının, qazma qurğularının sarıma elementlərinin, vibrasiya ələklərinin, quyu təmiri zamanı hazırlıq işləri üçün aqreqatların, diafraqma nasosu qurğularının, mədən elektrik qurğularına xidmət aqreqatlarının və s. istehsalı üzrə ixtisaslaşıb. Habelə zavodda neft-mədən boru məhsullarının - API və DÜST standartlarına cavab verən qoruyucu, nasos-kompressor və qazma borularının, eləcə də muftaların istehsalına və bərpasına başlanılmışdır. İstehsalat yeni qərb texnologiyalarının və emal metodlarının tətbiqi ilə xarici mütəxəssislər tərəfindən ərsəyə gətirilmişdir.