Vəkillər Kollegiyası xəritədə

Vəkillər Kollegiyası

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 32 AZ1000 *** 0 səs

Vəkillər Kollegiyası haqqında

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Vəkillər Kollegiyasının fəaliyyəti

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 834 nəfərdir. Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 234 nəfərdir ki, bunlardan 106 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 600 nəfərdir, bunlardan 60 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 25, regionlarda isə 16 vəkil qurumu fəaliyyət göstərir.

Vəkillərin sayının artım dinamikasına gəldikdə isə, 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2005-ci ildə qəbul edilənlərin sayı 151 nəfər olub (359 nəfər vəkilliyə namizəddən 126 nəfər ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub). 2006-cı ildə qəbul edilənlərin sayı 24, 2007-ci ildə 235 (441 nəfər vəkilliyə namizəddən 235 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2008-ci ildə 23, 2009-cu ildə 67 (506 nəfər vəkilliyə namizəddən 67 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2010-cu ildə 15, 2011-ci ildə 9, 2012-ci ildə isə 122 nəfər olmuşdur (531 nəfər vəkilliyə namizəddən 122 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub).