Bakı şəhər heyvanat parkı — Azərbaycanda yeganə mədəniyyət idarəsidir ki, burada əhaliyə istirahət etməklə yanaşı müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradılmışdır.Rəsmi məlumatlara əsasən Bakı heyvanat parkı 2 yanvar 1942-ci ildə yaradılmışdır. Respublika Milli Arxivində sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Bakı şəhərində belə bir parkın yaradılması üçün müxtəlif cəhdlər göstərilmişdir. 1928-ci ildə Bakı şəhərinin keçmiş Lunaçarski, hal-hazırkı Nizami parkında belə bir guşə fəaliyyət göstərmişdir.
Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Bakı heyvanat parkında Azərbaycanın faunasına aid olan adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanmışdır.Bakı Heyvanat parkında heyvanları müşahidə etməkdən əlavə, müxtəlif əyləncə formaları da var ki, bunların sayəsində parkda istirahət etmək daha da maraqlı olur. Belə əyləncə formalarına ponidə gəzinti, müxtəlif attraksionlar aiddir. Gəzintiyə gəlmiş insanlara şəkil çəkdirmək, çay və ya qəhvə qəbul etmək üçün də şərait yaradılmışdır.Bakı Heyvanat parkı səhər saat 09:00-dan axşam saat 19:00-dək fəaliyyət göstərir.