Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.
Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.
Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. İkinci dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.
Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.Hazırda Bakı Dövlət Universitetinin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.
Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.