Bakı Kompüter Kolleci 1991-2001-ci illərdə fəaliyyət göstərən Bakı Kompüter Liseyinin bazası əsasında meydana gəlmişdir. Profilinə görə nadir təhsil ocaqlarından biri olan Bakı Kompüter Kolleci dövlət təhsil müəssisəsidir. Kollec Nazirlər Kabinetinin 118 saylı qərarı və Təhsil Nazirliyinin 810 saylı əmri ilə 2001-ci ilin iyun ayında fəaliyyətə başlamışdır.Kollecə dörd ixtisas üzrə azərbaycan və rus bölmələrinə test üsulu ilə tələbə qəbulu aparılır. Tələbələr kollecin sinif otaqlarında və kompyuter zallarında müasir dövrün tələblərinə uyğun nəzəri və təcrübi dərslərdə öz bilik və bacarıqlarını artırırlar.
Kollecin yaradılmasında onun ilk direktoru fizika-riyaziyyat elmləri namizədi Bilal Hüseynovun böyük əməyi olmuşdur. Məhz bu şəxsin böyük zəhməti nəticəsində kollecdə bacarıqlı və elmi səviyyəsi yüksək olan bir pedoqoji kollektiv formalaşmışdır. Hazırda kollecə informatika sahəsində mütəxəssis, riyaziyyatçı-proqramçı İradə xanım Səfərova rəhbərlik edir.Kollecdə Tədris Hesablama Mərkəzi fəaliyyət göstərir.Bakı Kompüter Kollecində təhsil dili azərbaycan və rus dilləridir. Hazırda kollecimizdə əyani və qiyabi təhsil formasında oxuyan tələbələrin 30%-i rus bölmələrində təhsil alır. 10% tələbə isə qiyabi təhsil formasının tələbəsidir.
Bakı Kompüter Kollecində keyfiyyət əsas meyar olmuşdur. Kollecdə yaradılmış bir sıra elmi-ictimai təşkilatlar: Tələbə Gənclər Təşkilatı, Kiçik Elmlər Akademiyası, “Şəbəkə” Xeyriyyə Təşkilatı və “İT academy” Təşkilatı tələbələrin həm elmi, həm də ictimai fəallığının artırmasında böyük rol oynayır.Təhsildə keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün Bakı Kompüter Kolleci Təhsil Nazirliyinin xətti ilə beynəlxalq əlaqələrini daim inkişaf etdirir, eləcə də ölkəmizdə fəaliyyət göstərən tanınmış yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edir. Kollecdə 50 –dən artıq peşəkar müəllim heyəti çalışır. Onların da yarıdan çoxu ixtisas müəllimləridir.