Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azneft» İstehsalat Birliyi (neft və qaz hasilatı). "Azneft" İB-nin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. İşlənmədə olan yataqlarda 5700-ə qədər quyu istismar olunur. Çoxsaylı texnoloji qurğular, müxtəlif təyinat və çeşidli boru kəmərləri, nasos, kompressor və elektrik stansiyaları, digər komunikasiya və infrastrukturlar neft-qaz hasilatının texniki-iqtisadi cəhətdən səmərəliliyini təmin edir. "Azneft" İB-nin tərkibinə daxil olan iki yeraltı qaz anbarı mövsümdən asılı olmayaraq ölkənin qaz təchizatının stabil və etibarlı təminatında mühüm yer tutur. Hazırda regionların qaz təchizatının yenidən qurulduğunu və ARDNŞ tərəfindən qaz ixracının artırıldığını nəzərə alaraq, hər iki yeraltı qaz anbarının genişləndirilməsi və modernləşdirilməsi istiqamətlərində ciddi layihələr həyata keçirilir.
ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir.Quru sahəsindəki Balaxanı-Sabunçu-Ramana yatağı 1871-ci ildən istismar olunur. Balaxanı-Sabunçu-Ramana yatağının işlənməyə başlanması nəticəsində əsası 1848-ci ildə qoyulmuş Azərbaycan neft sənayesinin daha sürətli inkişaf dövrü başlamışdır."Neft Daşları" yatağı 1949-cu ildən istismar olunur. Dünyada ilk dəfə olaraq açıq dənizdə bu yatağın işlənməsi ilə neft tarixinin yeni səhifəsi açılmış, dəniz şəraitində dərin neft-qaz yataqlarının istismarı üçün elmi-praktiki bünövrə yaradılmışdır.Uzun illər ərzində toplanmış nəzəri-praktiki biliklər sayəsində "Azneft" İB-nin mütəxəssisləri təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində neft sənayesinin yaradılmasında və inkişafında böyük xidmətlər göstərmişdir.