Azərbaycan Dillər Universiteti Azərbaycanda xarici dil mütəxəssisləri, müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan yeganə Universitetdir. ADU inkişaf etmiş təhsil və tədqiqat, yeni tədris siyasəti və dünyəvi elm və təhsil standartlarına cavab verən bakalavr və magistr proqramları üzrə fəaliyyət göstərir. Universitet müxtəlif ixtisaslar təklif edir və elmi prinsiplərə əsaslanan çoxsaylı müstəqil fakültələri özündə cəm edir. ADU ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir. Universitetin bir çox professor və müəllimləri elmi sahələrdə tanınır və müxtəlif milli və beynəlxalq mükafat və təqaüdlərə layiq görülmüşlər. Bu gün Universitet ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncüldür.
Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/37-ci tədris ilində işə ilk dəfə olaraq APİ-də müstəqil xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitunda xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul etdi. 1937/38-ci ilk tədris ilində fakkültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II dünya müharibəsi başlandıqdan sonar xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında V.İ.Lenin adına APİ-nin xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi.
Hazırda 20-yə yaxın ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 4 fakültə, 28 kafedra, çoxlu sayda elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir, qısa müddət ərzində tələbələrin sayı iki dəfə artaraq 3000-dən 6000-ə çatmışdır. Universitetdə 3 ixtisas üzrə daimi Dissertasiya Şurası fəaliyyət göstərir: “German dilləri”, “Dünya ədəbiyyatı”, “Təlim və tərbiyənin nəzəriyyəsi metodikası”.Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Bu prosesin əsas prinsiplərindən olan keyfiyyətin təminatını daim diqqət mərkəzində saxlamaq, xarici partnyorlarla əməkdaşlığı daha yaxşı qurmaq məqsədilə Tempus layihəsi çərçivəsində “Keyfiyyətin təminatı” mərkəzi yaradıldı. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, Amerikanın, İngiltərənin, Fransanın və Avropanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.
Tələbələrin ideya-siyasi, etik-əxlaqi və mənəvi dünyagörüşlərinin formalaşmasına müsbət təsir etmək istiqamətində də ciddi uğurlar qazanılmışdır. Bu sahədə çoxtirajlı “Poliqlot” qəzetinin, Tələbə Gənclər və Tələbə Həmkarlar təşkilatlarının rolu böyükdür. Tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq intellektual oyunlar, idman yarışları, rəsm sərgiləri, tarixi yerlərə səyahətlər təşkil edilir, tələbələrin iştirakı ilə maraqlı konsertlər, bədii gecələr, teatr tamaşaları göstərilir.Müstəqillik illəri ADU-nun 66 illik tarixində mühüm mərhələ təşkil edir. Bu illər ərzində universitet əvvəlki təhsil sistemindən tamamilə imtina edərək Avropaya inteqrasiya yoluna üstünlük vermiş, dünyanın qabaqcıl ali məktəblərinin ən yeni metodlarının tətbiqinə nail olmuş, respublika ali məktəbləri arasında öncül yerlərdən birini tutmuşdur.