Azərbaycan Universiteti (AU) 1991-ci ildə prof. Səlahəddin Xəlilov tərəfindən təsis olunub. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov 2007-ci ilə qədər, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev 2007-ci ildən 2011-ci ilədək, yazıçı-dramaturq, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Qəhrəmanlı 2011-2012-ci illərdə, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış millət vəkili, iqtisad elmləri namizədi Eldar Qəhrəmanov 1 may 2012-ci il tarixindən 26 yanar 2015-ci il tarixinədək Azərbaycan Universitetinin rektoru olub. 26 yanvar 2015-ci il tarixindən isə Azərbaycan Universitetinin rektoru vəzifəsinə Hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov təyin olunub. Azərbaycanın ən gənc rektoru olan Fərid Əhmədov dünyanın ən mötəbər universitetlərindən sayılan Oxford Universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən yeganə Azərbaycanlıdır.
AU-da təhsil “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə (Ali təhsil pilləsində dövlət standartı və proqramı) tənzimlənir. 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərən universitetdə 19 ixtisas üzrə 1467-si bakalavriat, 144-ü isə magistratura pilləsində olmaqla 1611 tələbə təhsil alır. Dövlət sifarişi ilə oxuyan tələbələrin sayı 33-dür. Universitet doktorantura səviyyəsində də kadr hazırlığı həyata keçirir.
Azərbaycan Universitetində 4 fakültə və 9 kafedra fəaliyyət göstərir, 265 müəllim çalışır. Elmi-pedaqoji heyətdən 1 nəfəri AMEA-nın müxbir üzvü; 15 nəfəri elmlər doktoru; 62 nəfəri elmlər namizədi; 25 nəfəri Ph.D; 13 nəfəri professor; 52 nəfəri isə dosentdir.AU-da tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitet öz məzunlarına diplom vermək və dövlət ali məktəblərinə şamil edilən bütün güzəştlərə, o cümlədən hərbi xidmətdən möhlət hüququna malikdir.Azərbaycan Universitetinin 1995-2015-ci illər ərzində 3000-ə yaxın (2953) bakalavriat, 1999-2015-ci illər ərzində 342 magistratura məzunu olub.
Azərbaycan Universitetində iki beynəlxalq proqram fəaliyyət göstərir. Biznes İnzibatçılığı üzrə bakalavriat (BBA) və magistratura (MBA) proqramları ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə birgə həyata keçirilir. Kadr hazırlığında milli təhsil standartlarının beynəlxalq standartlara transformasiyası istiqamətində həyata keçirilən fəaliyyətin nəticəsi olaraq 2008-ci ildə CDU-nun Mak Robinson Biznes İdarəçiliyi Məktəbi ilə bakalavriat və magistratura proqramlarının tətbiqinə dair əməkdaşlıq sazişi imzalanıb. İndiyə qədər Azərbaycan Universitetinin 10-a yaxın tələbəsi CDU-da təhsil alıb.
Sosial iş ixtisası üzrə kadr hazırlığında İsveç Krallığının Lund Universiteti ilə “Linnaeus-Palme” layihəsi çərçivəsində əməkdaşlıq edilir. 9 illik layihə çərçivəsində tələbələr tam pulsuz mübadilə şəkilində İsveçdə təhsil ala bilirlər. Layihədə müəllim-tələbə və təcrübə mübadiləsi, kurikulumun inkişafı, Azərbaycan Universitetinin dərslik təminatına dəstək, beynəlxalq təhsil layihələrində müştərək iştirak, Lund Universitetində ixtisasartırma keçmək də nəzərdə tutulur.
İndiyə qədər qeyd olunan universitetin tələbələri tədqiqat və istehsalat təcrübəsi üçün Azərbaycanda olub, qarşlıqlı pedaqoji heyət mübadiləsi həyata keçirilib, Azərbaycan Universitetinin 2 (iki) tələbəsi Lund Universitetində iki semestr təhsil alıb.Digər ixtisaslar üzrə də beynəlxalq əməkdaşlığı genişləndirən Azərbaycan Universiteti 2013/2014-cü tədris ilindən Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən “Mövlanə Mübadilə Proqramı”na qoşulub. Proqram çərçivəsində AU-nun pedaqoji heyət və tələbələri Türkiyənin 10-a yaxın universitetində tədris prosesində iştirak edə bilir.