Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radiosudur. Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Televiziya məkanımızın BIRINCISININ izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
2005-ci il martın 23-də Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. Aprel ayının 5-dən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb. Bürünün müdiri Elzar Ağayevdir.
2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. «Teleradio» Istehsalat Birliyinin mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV – Up-link stansiyası quraşdırması nəticəsində Azərbaycan televiziyasının verilişləri Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür. Azərbaycan teleradiosuna peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox telejurnalistimiz və rejissorumuz müxtəlif dövlət mükafatlarına - fəxri adlara, orden və medallara layiq görüldülər.
2007-ci il Azərbaycan televiziyası üçün yeniliklər ili oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirilməkdədir. AzTV yenidən Azərbaycan teleməkanında ən peşəkar televiziya olmağa və televiziya dəbinin qanunvericisinə çevrilməyə çalışır.Hazırda Azərbaycan televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.