Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərirdi. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet indiki binasına köçmüşdür. Qərb və şərq memarlığının ən gözəl üslublarını özündə birləşdirən Universitetin yaraşıqlı binasında tələbələrin dərin biliklərə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.
Universitetdə "Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə", "Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası", "Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri fəaliyyət göstərir. Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər namizədi, dosent çalışır.
Universitetdə elmin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi Şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal iştirak edirlər.
Universitet BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq Təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif dövrlərdə Universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil almış və hazırda təhsil almaqda davam edirlər. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Boloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 6000-dən çox tələbə bakalavr və magistr pillələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak edir.
Azərbaycan Texniki Universitetinin məzunları dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Onlar zavodlara, nazirliklərə, nəhəng Sənaye komplekslərinə, Dövlət Komitələrinə, iri müəssisələrə uğurla rəhbərlik edirlər. Universitetimizin məzunu 1982-1988-ci illərdə Azərbaycan Respublikasına başçılıq etmiş, 2 məzunu ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Baş Naziri, 5 məzunu Baş Nazirin I müavini vəzifəsində çalışmışlar. Hal-hazırda Azərbaycan Respublikasının Baş Nazirinin I müavini və müavini Azərbaycan Texniki Universitetinin məzunlarıdır.