Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti xəritədə

Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 AZ1065 *** 1 səs

Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti haqqında

Yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan universitetimiz öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkarımız, Milan və Kiyev şəhərlərində təhsil almış, opera səhnəmizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov, Rza Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır.

Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin yaradılması

1923-cü ildə yaradılmış Bakı Teatr Texnikumunun bazası əsasında 1945-ci ildə Azərbaycan Teatr İnstitutu yaradılır. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "Mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1968-ci ildə ali məktəb Azərbaycan Dövlət İncəsənət İnstitutuna çevrilmişdir. 1981-1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır.

1991-ci ildə tədris müəssisəsi Azərbaycan Dövlət İncəsənət Universitetinə, 1993-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakultəsi fəaliyyət göstərir. Bir neçə ildir ki, universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılmışdır.

Universitetin fəaliyyəti

Universitetdə yaradıcılıq kinostudiyası; "Səda" tədris teatrı; foto-laboratoriya; səsyazma studiyası; kompüter və həsablama mərkəzi; natürmort fondu; professor-müəllim və tələbələrin yaradıcılıq və ifa işləri muzeyi, onun fondu; xalçaçılıq emalatxanası; keramika emalatxanası; tikiş və toxuculuq mə’mulatları emalatxanası; texniki vəsaitlər kabinəsi; tədris teatrı; xüsusi auditoriyalar; idman klubu; kitabxana; nəşriyyat və s. fəaliyyət göstərir. ADMİU-nun xarici ölkələrin aparıcı ali məktəbləri ilə əlaqələri ildən-ilə inkişaf edir. Artıq İran İslam Respublikasının İncəsənət Universiteti, Türkiyə Respublikasının Me’mar Sinan və Süleyman Dəmirəl Universitetləri və Qazi Universiteti ilə işbirliyinə dair müqavilələr bağlanmış və müəyyən əməli tədbirlər görülmüşdür. Son illər İtaliya, Marokko, Yaponiya, Fransa və s. dövlətlərin ali məktəbləri ilə əlaqələr yaradılmışdır.

Universitetin məzunları təyinatla respublikanın mədəniyyət və incəsənət müəssisələrində işləməyə göndərilir. Universitet iki pilləli təhsil modeli üzrə mütəxəssislər hazırlayır (bakalavr və magistr). Universitetdə aspirantura fəaliyyət göstərir.19 dekabr 2013-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.