Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır.
ADHTİ-nin nəzdində 1980-cı ildə çox mərtəbəli mehmanxana tipli yataqxana istifadəyə vermiş, elmi informasiya patent şöbəsi təşkil olunmuş, nefrologiya kafedrası, anesteziologiya və reanimatologiya, əczaçılığın təşkili və iqtisadiyyatı kafedraları yaradılmışdır. 1988-ci ildə institutun cərrahiyyə klinikası, sonradan tibbi genetika immunologiyanın əsasları kafedrası təşkil edilmişdir. 1994-cü ildə Onkologiya kafedrası, 1998-ci ildə Kliniki biokimya və immunologiyanın əsasları, Şua diaqnostikası və endoskopiya, Məhkəmə təbabəti və patoloji anatomiya kafedraları təşkil olunmuşdur. Səhiyyə Nazirinin əmri ilə paytaxtın nüfuzlu mərkəzləri institutun bazaları kimi təyin edilmişdir. 2000-2003-cü illərdə Proktologiya, Təxirə salınmaz tibbi yardım, Ailə təbabəti kafedrası yaradılmışdır.
Hal-hazırda institutun tərkibində 28 kafedra fəaliyyət göstərir. İnstitutun professor-müəllim heyəti içərisində Azərbaycanın, Rusiyanın və digər xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 8 əməkdar elm xadimi, 8 əməkdar həkim çalışır. Bunlardan «Şöhrət» ordeni və «Tərəqqi» medalı ilə təltif olunmuşlar da var. Bu illərdə institutn maddi-texniki bazası möhkəmləndirilmiş, elmi-pedaqoji mütəxəssislərin hazırlığı daha da mükəmməlləşdirilmişdir, 40 doktorluq və 130 namizədlik dissertasiyaları müdafiə olunmuş, 70-ə yaxın respublikadan və xaricdən aspirant, 160-a yaxın kliniki ordinator hazırlanmışdır.
ADHTİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri və təhsil sahəsində təcrübələri onun bazasında bir sıra ittifaq və beynəlxalq konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsinə imkan verir. İnstitutda aparılan tədqiqatların təcrübədə tətbiqi üçün vahid prinsip «tədqiqat-tədris və tətbiq» əsasında həkimləri elmin müasir nailiyyətləri ilə tanış edir. 2009-cu ildən instituta tibb elmləri doktoru, dermatovenerologiya kafedrasının müdiri, professor Kərimov Sənan Hüsi oğlu rəhbərlik edir. Son illərdə institut xarici əlaqələrini daha möhkəmləndirmiş, institutun vəsaiti hesabına 25 nəfərə qədər müəllimlərin xaricdə təhsillərini təkmilləşdirməsinə imkan yaradılmışdır. İnstitutda xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır. Eyni zamanda, ölkənin həkim-mütəxəssislərinin Moskva, Sankt-Peterburq və s. şəhərlərin adl-sanlı professorları tərəfindən təkmilləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir. Mühazirələrin, praktik məşğələlərin yüksək səviyyədə aparılması üçün kafedraların əksəriyyəti müasir avadanlıqlarla təchiz olunur.