Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsidir.Ölkəmizin öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuş və cənubi Qafqazda bu tipli yeganə olan ali məktəb ilk dəfə 39 nəfər bədən tərbiyəsi və idman mütəxəssəsi bitirmişdir. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.
1960-cı illərdə bədən tərbiyəsi və İdman əhali arasında yaymaq və gəncləri kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir. 1969-cu ildə hörmətli Prezidentimiz Heydər Əliyevin Respublikaya rəhbər seçildiyi ildən institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 70 il ərzində Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında bu ali təhsil ocağının xidmətləri böyükdür. Akademiya təkcə idmançılar hazırlamayıb, bura həm də böyük elmi-pedaqoci mərkəz olmuşdur. Ali məktəbdə idman və bədən tərbiyəsi sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib hazırlanmışdır. Bu gün Akademiyada 200 nəfərdən professor-müəllim heyəti çalışır.
Azərbaycanın Olimpiya hərəkatında irəliləyişi 1997-ci ildən, Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti canab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi dövrdən sonra baş verdi. Olimpiya oyunlarına lisenziya qazanmış 31 idmançıdan 23-ü Akademiyanın tələbələri və məzunları olmuşdur. Məzunlardan Namiq Abdullayev sərbəst güləş, Zemfira Meftahəddinova stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu olmuş, Vüqar Ələkbərov isə Azərbaycan boks tarixində ilk dəfə olaraq bürünc medal qazanmışdır. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.
Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 3 mindən artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalinin müəllifidirlər. Son illərdə Akademiyada bədən tərbiyəsi sahəsində gənc elmlər namizədlərinin sayı xeyli artmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 1999-cu il tarixli 42 saylı qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. 7 aprel 2001-ci ildə Az. BTİA-nın yaradılmasının 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.