Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2002-ci ildə Respublika Prezidentinin fərmanı ilə yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Türkiyə və İran İslam Respublikasının müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.Burada 102 nəfər professor-müəllim heyəti, o cümlədən 2 nəfər elmlər doktoru, 13 nəfər professor, 7 nəfər elmlər namizədi, 13 nəfər dosent fəaliyyət göstərir.
Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 700-dən artıq tələbə təhsil alır. Eyni zamanda universitetin tələbələri xarici ölkələrdə təhsillərini davam etdirirlər.Akademiyada bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadı.Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.Universitetdə yüksək ixtisaslı elmi işçilərin hazırlanmasına xidmət edən aspirantura fəaliyyət göstərir.