Hələ ötən əsrin 70 - ci illərindən Azərbaycana rəhbərlik etdiyi dövrdə idmanın inkişafına xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1994 - cü ilin iyul ayının 26 - da Gənclər və İdman Nazirliyinin yaradılmasına dair fərman imzaladı və bununla da ölkəmizdə idmanın inkişafı üçün ilkin zəmin yarandı. 1990-93 - cü illərdə ölkəmizdə tənəzzül prosesi getdiyindən Milli Olimpiya Komitəsi də əhatəli işlər görə bilməmişdi. 1997 - ci ilin iyul ayının 31-də Milli Olimpiya Komitəsi Baş Məclisinin toplantısında cənab İlham Əliyev Komitənin prezidenti seçildikdən sonra yığılıb qalmış çoxsaylı problemlərin sürətli həllinə başlanıldı. İdmanın böhrandan çıxarılması, inkişaf etdirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Ölkəmizdə dünya standartlarına cavab verən çoxsaylı olimpiya-idman mərkəzləri istifadəyə verildi, olimpiya hərəkatı geniş vüsət aldı.
1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdman Federasiyası (ARAİF) yaradıldı. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5 - dən sonra başladı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən cənab Elçin Quliyev Federasiyanın prezidenti seçildi və idarə heyətinin yeni tərkibi yaradıldı. Az vaxt ərzində Federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) adlandırıldı. Yeni rəhbərliyin seçilməsi ölkəmizdə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi.
ARAF atçılığın yalnız idman sahələrinin deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin, o cümlədən milli atçılığın inkişaf etdirilməsi kimi böyük missiyanı da öz öhdəsinə götürdü.Bu yolda ilk nailiyyətimiz ARAF-ın 1997-ci ildə FEİ-yə (Beynəlxalq Atçılıq Federasiyası) üzv olmaqdır. Bu böyük, məsulliyyətli və ciddi bir addım idi. Yeni imkanlar, yeni nailliyyətlər, yüksək səviyyədə keçən maraqlı yarışlar, milli oyunlar, xaricdən təşrif buyuran peşəkar idmançılar, gündən-günə sayı artan tamaşaçılar - əminliklə demək olar ki, biz qarşımıza qoyulan missiyaya çatırıq və bu yolda 2014-cü ildə yenidən ARAF-ın Prezidenti seçilən Cənab Elçin Quliyevin böyük və əhəmiyyətli rolu olmuşdur.2009-cu ildə baş vermiş əsaslı dönümdən sonra cənab Elchin Quliyevin rəhbərliyi altında iki mühüm addım daha atılmışdır. Belə ki, , 2010-cü ilin fevral ayında İFHA-ya (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilin dekabr ayında isə Federasiyamız Beynəlxalq POLO Federasiyasına (FIP) üzv seçildi.