“Azər-İlmə” MMC öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalça sənəti ənənələrini yaşadır, inkişaf etdirir və bütün dünyada satışı vasitəsi ilə təbliğinə çalışır.Xalçaçılığın ocağına çevrilmiş «Azər–İlmə»də 1996-cı ildə fəaliyyətə başlamışdır. Bu gün burada rəssamlar, sənətşünaslar, xalçaçılar, digər peşə sahibləri çalışır və onların sayı 350 nəfərə çatıb. Burada qədim ənənə ilə ən müasir texnologiyalar vəhdətində evləri bəzəyən çeşidli xalçalar hazırlanır. İpin əyrilməsi, təbii boyalarla rənglənməsi, xalça toxunması, toxunduqdan sonra dartılma, yuyulma işləriənənəvi yollarla və müasir texnologiyalarla aparılır. Xalça tam istifadəyə yararlı hala gətirilir.
“Azər-İlmə” MMCtərəfindən toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika BirləşmişŞtatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində 2003-cü ildə isə Moskvada keçirilmiş satış sərgilərdə müvəffəqiyyətlə iştirak etmişlər.Hazırda burda istehsal edilən xalçalar ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və dünyanın digər ölkələrində şəxsi kolleksiyaların və evlərin bəzəyinə çevrilmişdir.“Azər-İlmə”Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarları tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır. Eyni zamanda “Azər-İlmə” də istehsal edilən xalçalar müasir üslublu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara da cavab verir.
“Azər-İlmə”dəyun və ipəkdən toxunan, ən zərif toxunuşlu, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux ahəngdar koloriti ilə seçilən xalçalar bu müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir."Azər-İlmə"nin xalçaçılıq sənətinin təbliği istiqamətində qazandığı ən mühüm nailiyyətlərdən biri də 2013-cü ildə şirkətin nəzdində ən müasir standartlara cavab verən "Xalçaçılıq Tədris Mərkəzi"nin yaradılmasıdır.Mərkəzdə gənc xalçaçıların hazırlığı üçün münasib şərait vardır. Burada 7-16 yaşlı uşaqlar peşə təhsili alırlar. Altı ay və ya birillik tədris kursunu başa vuranlara tədris-təcrübə sertifikatları təqdim olunur.
Tələbələr "Azər-İlmə"də böyük iş təcrübəsinə malik olan ustalardan, xalçaçı rəssamlardan, mütəxəssislərdən dərs alır, müvafiq bacarıqlara və vərdişlərə yiyələnirlər. Onlar xalçaların toxunmasında iştirak edir, qazandıqları bilikləri uğurla tətbiq edirlər.Tədris mərkəzi hanalarla, xalçaçılıq ləvazimatları və əyani vəsaitlərlə təchiz edilmişdir. Burada Azərbaycan xalçaçılıq sənətinə dair yerli və xarici ədəbiyyatlar vasitəsilə tələbələrin bu sahəyə dair bilikləri genişləndirilir, Qarabağ, İrəvan, Şirvan, Gəncə, Qazax-Borçalı, Quba, Bakı, Təbriz və Naxçıvan bölgələrinin xalçaçılıq texnologiyalarına uyğun dərslər aparılır. Burada çeşnisiz - yəni öz bilik və bacarıqları əsasında xalça toxumaq niyyətində olan tələbələr üçün də müvafiq imkanlar yaradılmışdır. Respublikanın ayrı-ayrı xalçaçılıq mərkəzlərindən olan bu istedadlı şagirdlər ailə, nəsil ənənələrinə uyğun olaraq öz kəndlərinə, obalarına məxsus qədim naxışları xalçalar üzərinə köçürürlər.
Əsas dərs vəsaitləri kimi tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun 2013-cü ildə Azərbaycan və rus dillərində nəşr olunmuş "Azərbaycan xalçaçılıq sənəti" adlı kitabı, həmçinin "Azər-İlmə"nin ayrı-ayrı xalçaçılıq qruplarına dair kitabları, broşürləri, telefilmləri, "Azərbaycan xalçaları" jurnalının sayları istifadə edilir. Xalçaçılıq Tədris Mərkəzi” xalçaçılıq sahəsində yeni tipli tədris mərkəzi olmaqla qarşısına qoyulan bütün tələbləri yüksək səviyyədə yerinə yetirir, Azərbaycan üçün xalçaçıların yeni nəslini yetişdirir.