Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra — Xidmət) inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir. Xidmət Bakı şəhərində yerləşir.