Müəssisə yarandığı gündən "AKKORD" müxtəlif strukturlarında çalışan işçi personalı üçün uniformaların tikişi ilə məşğul olub. Müəssisənin tikdiyi uniformaların Bakıda keçirilən Beynəlxalq İnşaat Sərgisində nümayişindən sonra müxtəlif şirkətlərdən müəssisəyə qadın və kişi geyimləri, o cümlədən məktəbli və işçi uniformaları ilə bağlı sifarişlər daxil olmağa başlayıb. Sifarişlərin çeşidinin və həcminin artması nəzərə alınaraq ikinci tikiş müəssisəsinin tikintisi ilə bağlı qərar qəbul edilib və o, 2008-ci ilin birinci kvartalında istifadəyə verilib. Yeni müəssisə Almaniya və Türkiyənin müştərək istehsalı olan tikiş avadanlıqları ilə təchiz olunub. Müəssisənin ayrı-ayrı şöbələrində sifarişlər əsasında və satış üçün klassik kişi kostyumları, üçdüyməli kişi köynəkləri və s. tikilir. Hər iki müəssisədə çalışan işçilərin ümumi sayı 200 nəfərə qədərdir. Müəssisədə istehsal olunan məhsullar Avropa standartlarına tam şəkildə cavab verir.