Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından biri olan ədliyyə orqanlarının formalaşması və inkişafında mühüm rol oynayan, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Ədliyyə Akademiyasının yaradılması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturu daxilində Ədliyyə Akademiyası yaradılmışdır. 2008-ci il 21 noyabr tarixli Fərmanla Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir.
Akademiyanın fəaliyyətinin əsas məqsədi ədliyyə və prokurorluq orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və prokurorluq orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılmasıdır. Hakimlərin peşə hazırlığının davamlı və mütəşəkkil artırılmasının ədalət mühakiməsinin səmərəliliyinə təsiri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 1oktyabr 2009-cu il tarixli Fərmanı ilə hakimlərin davamlı və hakimliyə namizədlərin uzunmüddətli tədrisi sahəsində Akademiyanın üzərinə əlavə mühüm vəzifələr qoyulmuşdur.